Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun 24.0.2-ci və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikası Qanununun 54-cü və 57-ci maddələrinə əsasən ölkəmizdə ağır atletika idman növünün inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə olaraq könüllü dəstək verilməsi mexanizminin daha əlçatan edilməsi məqsədilə “Azərbaycan Respublikası Ağır Atletika Federasiyası” İctimai Birliyi tərəfindən “TƏKAN” platforması yaradılmışdır.
Azərbaycanda özəl sektoru ağır atletika idman növünün inkişafı prosesinə cəlb etmək, bu idman növünün populyarlaşmasına nail olmaq, ölkəmizin bütün regionlarından müxtəlif yaş qrupları üzrə ağır atletlərin yetişməsinə təkan verməkdir. Qısamüddətli hədəfimiz ölkədə ağır atletika idman növünün maddi-texniki bazasının gücləndirilməsi, ortamüddətli hədəfimiz beynəlxalq yarışlarda ağır atletlərimizin uğurlu çıxışlarına nail olmaq, uzunmüddətli hədəfimiz isə Azərbaycanı dünyada ağır atletika idman növü üzrə favorit dövlətlərdən birinə çevirməkdir.
Gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın inkişafında dövlət-özəl əməkdaşlığının nümunəvi modelini yaratmaq, ağır atletikanı sağlamlıq və pedaqoji tərbiyə prosesinin əsas komponentlərindən birinə çevirmək, “Firavan, sülhsevər, insan ləyaqətinə hörmətlə yanaşılan bir dünya qurmaq” ideyası ətrafında inkişaf edən Olimpiya Hərəkatına töhfə verməkdir.